Millimizə azarkeş marağı necə oldu? - LAYİHƏ

Oxunma: 262 TARIX /

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 5-ci yazı.

 

Bir müddətdir ki, DÇ-2018-in seçmə mərhələsinin qrup oyunları başa çatıb. Artıq final mərhələsində iştirak edəcək 32 komandanın adına da aydınlıq gəlib. Azərbaycanlı futbol azarkeşləri yenə də simpatiya bəslədikləri xarici yığmaya azarkeşlik etmək məcburiyyətindədi. Milli komandamız bir qədər öz oyununda inamlı təsir bağışlasa, gələcək vəd edən, ümid verici futbol sərgiləsə, yığmamızın ev görüşlərində möhtəşəm azarkeş dəstəyini görərik.  Möcüzə baş versəydi, əgər bizim də yığmamız İslandiya, İsveç, Serbiya, Panama, İran, Tunis və ya Mərakeş komandaları kimi mundiala vəsiqə qazansaydı, əminliklə söyləmək olardı ki, adıçəkilən millilər arasında ən çox tərəfdar futbolçularımızın arxasında olardı. Bunu mən yox, rəqəmlər deyir. Uzağa getmək lazım deyil. "Qarabağ"ın Çempionlar Lİqasındakı  uğurlu çıxışlarından sonra qrup matçlarından 2 gün əvvəl satılıb, qurtaran biletləri hər şeyi açıq-aydın göstərir. Düzdü, ölkə çempionatında keçirilən matçlar haqda eyni sözləri şamil etmək olmaz. Ancaq bu da bir faktı ki, qitəmiqyaslı, beynəlxalq matçlarda Azərbaycan azarkeşləri öz sözünü deməyi bacarır. AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini evdə keçirdiyi 5 oyunda ümumilikdə 87200 azarkeş dəstəkləmişdisə, DÇ 2018-in seçmə matçlarında bu rəqəm 86978-ə endi. Əslində, son tsıklda olan azarkeş sayını millimizin çıxışına uyğun hesablasaq, qənaətbəxş hesab etmək olar. Əslində bu rəqəm bir qədər də artıq ola bilərdi, ancaq uğursuz oyunlar...

 

AVRO 2016-nın seçmə oyunlarında ümumilikdə millimizi dəstəkləmək üçün stadiona gələn 87200 azarkeş sayının yarıdan çoxu isə 1 qarşılaşmanın payına düşür. Söhbət 2015-ci ildə Bakı Olimpiya Stadionunda keçirilən İtaliya ilə qarşılaşmadan gedir. 48000 tamaşaçının arenadan canlı olaraq izlədiyi görüşdə  rekord qırıldı. Çünki hələ indiyə qədər millimizin ev oyunlarına bu qədər azarkeş toplaşmamışdı. Rəqəmin 48000 olmasına yardımçı olan bir başqa amil isə Azərbaycan - İtaliya matçının BOS-da keçirilən ilk futbol matçı kimi tarixə düşməsiylə əlaqədardı. Həmin tsıklda ikinci ən çox azarkeş marağına səbəb olan matç isə Xorvatiya ilə oyuna təsadüf edir. "Baksell Arena"da reallaşan qarşılaşmada 11000 azarkeş yığmamızı qələbəyə dəstəkləyib. Digər oyunlarda isə  10000, (Malta) 9200 (Norveç) və 9000 (Bolqarıstan) azarkeş millimizin yanında olub. 

 

DÇ-2018-in seçmə oyunlarında qeydə alınan 86978 rəqəmi isə daha artıq ola bilərdi. Tskılın ilk 3 görüşündə uduzmayan, yalnız 4-cü görüşdə, Şimali İrlandiya səfərində böyükhesabla məğlub olan millilərimiz, 5-ci turda evdə Almaniya ilə matçda stadionu doldurmağı bacardı. Tofiq Bəhramov adına Respublika stadionunda 30000 tamaşaçı önündə Almaniyanı qəbul edən Robert Prosineçkinin yetirmələri meydanı başıaşağı tərk etsə də, azarkeş dəstəyindən məhrum qalmadı. Çoxları anşlaqı Almaniyanın dünya şöhrətli futbolçuları ilə əlaqələndirsə də, həmin oyuna qədər qazanılan uğurlu nəticələr də, yerli fanatları ümidləndirmişdi. 

 

Əgər elə olmasaydı növbəti - Şimali İrlandiya ilə oyuna da 28000 futbolsevər toplaşmazdı. Bununla belə ardıcıl 3-cü görüşünü də xalsız başa vuran komandamız, yavaş-yavaş azarkeşləri "küsdürməy"ə başladı. Norveç səfərində alınan növbəti məğlubiyyət sonrası evdə qəbul etdiyimiz San Marino oyununa azarkeş marağının böyük olacağını heç kim gözləmirdi. Baxmayaraq ki, qələbəyə hər kəs əmin idi. Yalnız, millimizin qələbəsinə uzun müddət həsrət qalan 8000 azarkeş "Baksell Arena"ya təşrif buyurmuşdu. Bu seçmə mərəhlədə evdə keçirdiyimiz son qarşılaşma isə Çexiya millisinə qarşı oldu. Anşlaqın olmayacağını bilə-bilə ev oyununu Bakı Olimpiya Stadionuna salan AFFA, 10000-dən də az azarkeş önündə növbəti məğlubiyyətin acısını yaşadı. Üstəlik, uzun müddət millimizin kapitan sarğısını daşıyan Rəşad Sadıqovun son matçında. Kapitanın vida matçında azarkeşlərin alqışları isə oyunun 14-cü dəqiqəsində (Rəşad Sadıqovun forma nömrəsi) diqqətdən qaçmadı.

Təbii ki, bu göstəriciləri bir o qədər ürəkaçan hesab etmək olmaz. Çünki millimizin hələ əvvəlki dövrdə, "iddialı" sözündən qat-qat uzaq olduğu bir vaxtda stadiona 15000 tamaşaçı toplamasının şahidi olmuşuq. Sadəcə olaraq son illərdə dəyişməyən oyun imicində çıxış edən və irəliləyişə nail olmayan Azərbaycan millisinin müvafiq olaraq Bakıda, "Baksell Arena", Tofiq Bəhramov adına Respublika stadionlarında oyuna çıxması azarkeş sayına da müsbət təsir göstərir. Bu siyahıya son 2 ildə Bakı Olimpiya Stadionu da daxil edilib. Axı nə qədər paytaxt Bakıda eyni azarkeşlər önündə, eyni oyunu sərgiləmək olar? Olmazdımı ki, müəyyən matçlar bölgələr üçün nəzərdə tutulsun? Məsəlçün, seçmə mərhələdə San Marino, Malta yaxud, Lüksemburq kimi rəqibləri Gəncədə qəbul etsək? Təbii ki, bu haqda danışsaq, ikinci bir yazını ərzəyə gətirmək olar. Heç kimə də sirr deyil ki, hazırda Gəncə şəhər stadionunda futbol üçün ot örtüyündən başqa ideal heçnə yoxdu. Əvvəllər millinin ev oyunlarını əyalətdə keçirə biləcəyi tək Lənkəran şəhər stadionu var idisə, artıq o da "yox" səviyyəsindədi. Saralan ot örtüyü və s... Əgər yaranan problemlər aradan qaldırılsa və millimizin bəzi beynəlxalq matçları bölgədə keçirilsə, rəqibin kimliyindən asılı olmayaraq, istər Kosova, istərsə də, Cəbəllütariqlə matçlarda arenanın dolacağına şübhə yoxdu. 2009-cu ildə DÇ-2010-un seçmə oyunları çərçivəsində Lənkəranda Finlandiya ilə qarşılaşmanı xatırlayaq: Həmin matçda, 15000 tamaşaçı tutumuna malik Lənkəran şəhər stadionu ağzına qədər dolu və 100-lərlə tamaşaçı oyunu ayaqüstə izləyir. Bundan başqa hələ ötən əsrin sonlarında 3 yoxlama görüşü paytaxtdan kənarda - Gəncədə keçirilib ki, həmin oyunlara da azarkeş marağı kifayət qədər olub.

 

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".