Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi

Oxunma: 286 TARIX /

Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

 

Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis, demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi 2 nəfər “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.

 

Qurban Qurbanov 2017-ci ildə “Qarabağ”a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. “Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də vəsiqə əldə edib. “Köhlən atlar” qrup mərhələsində Madrid “Atletiko”su ilə qarşılaşmalarda 2 xal qazanıb.

 

Qurban Qurbanova ilin məşqçisi mükafatı sabah təqdim olunacaq. Tədbir "Fairmont otel"in Səttar Bəhlulzadə zalında (“Üç alov qülləsi”) keçiriləcək və saat 13:00-da başlayacaq.