Qurban Qurbanov Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib. İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb...

- Geridə qalan 2017-ci ilə barədə nə deyə bilərsiz?
- Çox ağır və yaddaqalan il oldu. Çempionluq, Azərbaycan Kubokunu qazanmaq öz yerində, amma azarkeşlərimiz xüsusilə son iki ildə Çempionlar Liqasında qrupa düşməyimizi çox istəyirdilər. Hətta bunu tələb edirdilər. Çox ağır oldu. Şükürlər olsun, illər sonra arzumuza çatdıq və Çempionlar Liqasının qrupuna düşə bildik. Mənimçün ilin yekunu ayın 15-də, “Sumqayıt”la kubok oyunundan sonra olacaq. Ümumi götürdükdə, bu il çempion olduq, kuboku qazandıq, ÇL-də qrupa düşdük, qış fasiləsinə lider kimi yollanmaq istəyirdik və bunu da bacardıq. İndi əsas fikrimiz kubokda növbəti mərhələyə yüksəlməkdi. Əgər bunu da bacarsaq, ili tam uğurlu keçirdiyimizi deyə bilərik. Xoş il oldu. Bəzən klub rəhbərliyində, məşqçidə, futbolçularda kiçik bir uğurdan sonra rahatlıq olur ki, növbəti mövsüm bacarmasaq da olar. Biz bunu özümüzdə hiss etmədik, belə bir şeyin baş verməsinin qarşısını aldıq. Ağır da olsa, yeni uğur əldə etməyi bacardıq. Buna görə də klub rəhbərliyinə, futbolçulara, bütün “Qarabağ”lılara təşəkkür edirəm. Ancaq yenə də bu, bizi rahatlaşdırmamalıdı. Hər dəfə ilin məşqçisi seçiləndən sonra da deyirəm ki, bu, məsuliyyətimi daha da artırır. Bu il bizi üzən Çempionlar Liqasında iki böyükl hesablı məğlubiyyət oldu. Belə olmasını istəməzdik. Ancaq futboldakı real vəziyyətə baxsaq, bunu da normal qarşılamaq lazımdı. İki komanda arasındakı mübarizədə istənilən hesab qeydə alına bilər. Azarkeşlərimiz də artıq belə şeylərə hazır olmalıdılar.

- 8-ci dəfə ölkədə ilin ən yaxşı məşqçisi seçildiniz və bu il Çempionlar Liqasının qrupunda komandanız 2 xal qazandı. Özünüz üçün müqayisə etdikdə hansı daha üstün görünür?
- Mən əslində belə şeylərə çox da önəm vermirəm. Yəni mənimçün olmasın, komanda, azarkeşlər üçün olsun. İlin məşqçisi seçilməyin bir o qədər də arzusunda deyiləm. Bir qədər əvvəlki çıxışımda da demək istəyirdim ki, haqqımda yazılarda çox da şişirdilməyimi istəmirəm. Belə şeylərin tərəfdarı deyiləm. Çox istəyirəm ki, daha çox “Qarabağ”, Azərbaycan futbolu haqda danışılsın, onlara tərif verilsin. Qrupda iki xal, bu cür komandaların Bakıya gəlməsi daha üstündü, nəinki ilin məşqçisi seçilməyim.

- Yığmanın baş məqşçisi kimi mətbuat konfransı keçirəcəyiniz deyilir. Bu il olacaq, yoxsa gələn ilə planlaşdırılır?
- Hələ dəqiqləşdirməmişik. Açığı, yığmanın baş məşqçisi olduğum açıqlansa da, hələ tam olaraq ayın 20-dən sonra işə başlayacağıq. Ona kimi yəqin ki, dəqiq deyə biləcəyik.

- Sizin gəlişinizlə millidə futbolçu seçimində obyektivlik olacağı və uzun müddətdir yığmadan kənar qalanların heyətə cəlb olunacağı gözlənilir. Rauf Əliyev, Rüfət Dadaşovun adı çəkilir. Onlar yığmaya dəvət ediləcəkmi?
- Hələlik bu barədə düşünməmişəm. Futbolçuları tanıyırıq, hər birinin potensialını bilirəm. Ancaq yanımda olmayanlara bələd deyiləm. Məsələn, Raufun nəyə qadir olduğunu bilirəm, amma elə oyunçu var ki, məlumatım azdı. Bunun üçün vaxt lazım olacaq. Ola bilər ki, ilk toplanışdan sonra dəyişiklik olsun və ya ona da bəzi futbolçular dəvət almasın. Bu, milli komandadı. Mən nə qədər işimə məsuliyyətlə yanaşıramsa, futbolçu ikiqat artıq məsuliyyətli olmalıdı. Bakı o qədər də böyükl şəhər deyil. Hər yerdən məlumatımız var, tanıyırlar. Bütün futbolçuların hansı həyatı yaşadığını bilirik. Kim harda, necə olur xəbərimiz var.  Buna görə də bütün futbolçular tam layiq olmalıdı milliyə. Yəni təkcə futbolçu kimi yox, öz həyat tərzləriylə də doğru yolda olmalıdılar. Ola bilər ki, kimdənsə zəif olsun, amma öz vətəninə, millisinə daha çox layiq olanları yığmaya çağırmağa çalışacağıq. İndiyə qədər dəfələrlə problem yaşayan, yaxud bundan sonra problemi olacaq oyunçuları komandaya çağırmaq istəmirəm. Hamı bu məsuliyyəti dərk etməli və özünü yığmaya oynamağa hazırlamalı, layiq vəziyyətə gətirməlidi.

- Kamran Ağayevin kənarda qalacağını demək olar?
- Yox. Niyə ki? Ümumən dedim. Bundan sonra tam maraqlanmağa başlayacam futbolçularla. Bu məsələdə çox ciddi olacam. Çünki kollektivdə, nizam-intizam, birlik olmalıdı. Biz futbol oynamaq istəyiriksə, hamı futbolu düşünməlidi. Ələlxüsus da millidə. Bəzən görürsən ki, sözündə, müsahibəsində vətənpərvər, layiqli futbolçudu, ancaq tamam fərqli şeylər eşidirsən. Belə məsələlərə çox ciddi fikir verəcəm. Ola bilər ki, komandanı formalaşdırmaq üçün bizə azı 1, ya da 2 il lazım olsun.

- Bu sözlərdən sonra belə düşünmək olarmı ki, yığma Türkiyə millisinin keçmiş vaxtına dönəcək? Həmin zaman o komanda döyüşkən ruhda DÇ-də 3-cü olmuşdu...
- Türkiyə ilə biz fərqliyik. Səhv eləmirəmsə, 80 milyon əhalisi var. Orda futbolçu seçimi daha çoxdu, oyunçu tapmaq asandı, bizdə isə çətin. Ona görə fərqli yanaşacağıq. Amma bu hisslər olmasa, yaqxşı komanda formalaşdırmaq çətin olacaq.

- Şenol Günəş amilinə görə deyirdik. Onunla görüşdə bunu müzakirə etmisizmi?
- Bu barədə söhbətimiz olmayıb. Amma mənim bir məşqçi kimi prinsiplərim bunlar olacaq.

- Toplanış zamanı yoxlama oyunu keçirmək üçün rəqib müətyyənləşibmi?
- Yox, hələ bilinmir.