Millətlər Kubokundan AVRO 2020-yə gedən yolumuz - LAYİHƏ

Oxunma: 391 TARIX /

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 9-cu yazı.


Ötən yazılarımızda milli komandamızın əvvəlki "tsıkl"larda göstərdiyi oyunlar, yadda qalan nəticələri, əldə olunan uğurları və rekordları barədə söhbət açmışdıq. Bu dəfəki mövzumuz isə Millətlər Liqası ilə bağlı olacaq. 

Bildiyimiz kimi, Azərbaycan AVRO 2020-nin bəzi matçlarına ev sahibliyi etməklə ölkəmiz adına bir ilki rellaşdıracaq. Ancaq mötəbər turnirin iştirakçısı olmaq isə bir başqa maraqlı olardı.  Üstəlik bu elə də mümkünsüz deyil. Nəzərə alsaq ki, AVRO 2020-yə gedən yol Millətlər Kubokundan keçir, ümidlənməyə dəyər. "Qarabağ"dakı uğurlarını milli komandamıza da daşımasını arzuladığımız Qurban Qurbanovun çiyinlərinə isə bu mənada ağır yük düşür. Yerli mütəxəssislərə güvənilməyin vacib olduğunu, öz məşqçilərimizlə də uğur qazanmağın mümkün olduğunu göstərən 45 yaşlı mütəxəssis hazırda xilaskar rolundadı. 

Asan olmayacaq...

Qurban Qurbanovlu millimizə Millərlər Liqasında ümidlər böyük olsa da, 100 faizlik deyə bir şey yoxdu. Təbii ki, gözlədiyimiz Millətlər kubokunda uğurlu nəticə qazanmasaq, AVRO 2020-dən kənar qalsaq belə, heç kim Qurbanovu qınamayacaq. Nəzərə almaq lazımdı ki, Qurban Qurbanovun ilk işi illərdi əcnəbi məşqçilərimiz bərbad vəziyyətə qoyub getdiyi yığmamızı düzəltməkdi. Xarici klublardan futbolçu transfer etmək mümkün olmadığına görə Qurbanovun işi elə də asan olmayacaq. Yəni, milli komanda olduğu üçün ümidlər "özümüzünkülər"ədi. Həmin yerli futbolçular "köhnə qitə"yə üzv olan ölkələrin reytinq xalına uyğun bölündüyü Millətlər Liqasında uğur qazanmalıdı. 4 fərqli Liqaya bölünəcək yığmalar, burada özünə uyğun olan rəqiblərlə qüvvəsini sınayacaq.


Ən zəiflər arasında güclü...

 Sözügedən 4 fərqli liqadan millimiz ən aşağı pillədə olan D Liqasında iştirak etmək hüququna malikdi. 16 komandanın yer aldığı D qrupunun özü də 4 səbətə bölünür ki, hər səbətdə 4 komanda var. Millimiz isə burada "A" səbətində D Liqasının ən samballı yığmaları ilə - Belarus, Makedoniya və Gürcüstanla eyni səbətdə qərarlaşıb. Milli komandamız bu rəqiblər arasında şübhəsiz ən çox Gürcüstanla qarşılaşıb. Ümumilikdə 6 dəfə üz-üzə gələn tərəflərin duellərində 2 dəfə gürcülər qələbəni bayram edibsə, 2 dəfə sevinmək futbolçulaırmıza nəsib olub. Digər 2 matç isə heç-heçə yekunlaşıb. Makedoniya millisiyə isə 4 dəfə ayrı-görüşmüşük. Hələlik rəqibimiz üzərində qalibiyyətimiz olmasa da, cəmi 1 matçda meydanı məğlub olmadan - heç-heçə ilə tərk etmişik. Digər 3 görüşdə isə Makedoniya seçməsi qalib gəlib. Belarus yığması ilə cəmi 1 dəfə qüvvəsini sınayan Azərbaycan həmin görüşdə sülhə razılaşıb. 

Təbii ki, futbolu anlayan, anlamayan hər kəsi maraqlandıran məsələ isə Ermənistanla üz-üzə gəlib-gəlməyəcəyimiz sualıdı. Məlum səbəblərə görə yığmamız bədxah qonşularımızla qarşılaşmayacaq. İkinci səbətin digər 3 komandasını isə özümüz üçün ortabab hesab edə bilərik. Söhbət Latviya, Farer adaları və Lüksemburqdan gedir. 

Hazırkı vəziyyətdə 3-cü qrupda yer alan komandaların daha zəif futbol ölkələri olması fikri yaransa da, belə deyil. 3-cü qrupda yer alan Qazaxstan və Moldova komandaları millimizin rəqibi ola biləcək samballı kollektivlərdəndi. Sözügedən qrupun digər iki komandası - Malta və Lixtenşteynə məğlubiyyətin isə bəhanəsi ola bilməz. 

Sonuncu, 4-cü qrupda qərarlaşan millilər isə klub dili ilə desək, aşkar autsayderlərdi.  Kosova, San Marino, Andorra və Cəbəllütariq milliləri isə hər bir komandanın qarşılaşmaq istədiyi rəqiblərdi. Baxmayaraq ki, 2016-cı ildə Andorra millisi ilə heç-heçəmiz var. San Marino ilə keçirdiyimiz matçlarda biabır olmasaq da, Kosova və Cəbəllütariq seçmələri ilə hələlik qarşılaşmamışıq.

Qurban Qurbanovun yükü...
Yazının əvvəlində də qeyd etdiyimiz kimi Millətlər Liqasında uğur qazanıb, AVRO 2020-yə vəsiqə əldə etmək sadə görünsə də, asan olmayacaq. Necə deyərlər, halva-halva deməklə ağız şirin olmur. Bunun üçün baş məşqçi Qurban Qurbanovun məsuliyyəti böyük olacaq. Sıx qrafikdə heyəti düzgün müəyyənləşdirməli, oyunları lazımınca analiz etməlidi. Təbii ki, bu baş məşqçinin biləcəyi işdi. Bizim bildiyimiz isə odu ki, həm Millətlər Liqasından, həm də AVRO 2020-nin seçmə tskılı vasitəsi ilə Avropa çempionatı üçün mübarizə aparmaq mənasız olardı. Onsuz da, illər boyu "heç olmasa, bu tskılda ikinci yer uğrunda mübarizə aparacağıq" "nağıllar"ını eşitmişik. Heç olmasa bu dəfə məsələyə ciddi yanaşmaq lazımdı. Var gücümüzü ortaya qoysaq belə, AVRO 2020-nin seçmə mərhələsində yer tuta bilməyəcəyimiz gün kimi aşkardı. Ona görə də seçmə tsıkılda futbolçuları başdan-başa yorub, axırda da nəticəsiz qalmaqdansa, üstünlüyü Millətlər Kubokuna vermək daha məqsədəuyğun olardı.  Nəzərə almaq lazımdı ki, bu bizim son şansımız ola bilər. Dediyimiz kimi, Avropa çempionatlarının seçmə oyunlarından final mərhələsinə vəsiqə qazanmaq bizim üçün ancaq xəyaldı.

İnanırıq ki, Qurban Qurbanov ölkəmiz adına əhəmiyyətli, vacib olan futbol illərində doğru qərarı qəbul edəcək. Nəticədən asılı olmayaraq, ona güvənilməyin və əcnəbi məşqçilərə verilən vaxtın onad a verilməsinin tərəfdarıyıq. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".