“Yığmaya çağırılmağımın Yeni il hədiyyəsi olduğunu deyə bilmərəm. Çünki dəvəti gözləyirdim. Bunu sevinclə qarşıladım”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in əsas komandasının oyunçusu Yusif Cəfərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət almasına münasibət bildirərkən deyib.

Klubun rəsmi saytına danışan Y.Cəfərov etimadı doğrultmağa çalışacağını deyib: “Milliyə çağırılmaq hər bir futbolçu üçün şərəfdir. Mənim üçün bu komandanın bir hissəsi olmaq qürurvericidir. Ona görə də dəvətə görə məşqçilərə təşəkkür edirəm. Bundan sonra üzərimə düşən iş ümidləri boşa verməmək, yaradılan şansdan lazımınca istifadə etməkdir. Məşq proseslərində əlimdən gələni edəcəm”.

İlk dəfə U-21-ə çağırılan 20 yaşlı müdafiəçi bundan öncə aşağı yaş qrupları üzrə milli komandalarında şərəfini qoruduğunu vurğulayıb: "Pillə-pillə irəliləyib indi də 21 yaşlılardan ibarət komandaya yüksəlmişəm. Daim dəvət almaq üçün klubumda da müntəzəm çıxış etməliyəm. Oynamaq üçün uyğun yaşdayam. “Kəpəz”in əsas heyətində möhkəmlənmək istəyirəm. Əsas odur ki, mənə güvənirlər və mən də özümü sübut etmək niyyətilə məşqlərdə səylə hazırlaşacam”.

Qeyd edək ki, Azərbaycan yığması yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.