"Bu günkü matçda yeni "Kəpəz" var idi. Heyətimiz yenilənib. Bununla belə, çıxışımızdan narazı qalmadım. Baxmayaraq k, meydanın mərkəzində oyunu rəqibə vermişdik. Bu da "Kəpəz"in xüsusi taktikası idi. Çünki "Neftçi"ni əks hücumda yaxalamaq istəyirdik. Qol epizodlarımız da oldu. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Kəpəz" matçı sonrası baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis məğlubiyyətə görə  üzgün olduqlarını bildirib.

- Dario Frederikonun transver vərəqəsinin gecikməsinin səbəbi nə idi?

- O bizdən asılı deyildi, Cənubi Koreya klubu həmin kağızı gecikdirdi. Əslində bir kağız gəlmişdi, o da yanlış idi. Mən sizə deyim ki, bu gün Dario Frederiko meydanda olsaydı, nəticə tam başqa olardı. 

- Dieqo Souzanın ağır çəkisi olmasına rəğmən nə üçün meydanda çox saxladınız?

- Onun artıq çəkisi yoxdu. Çünki bizdə artıq çəkisi olan futbolçu cərimələnir. Onun bədən quruluşu elədir. Mən "Xəzər Lənkəran"da çalışarkəndə, Dieqo Souza elə idi. 

- Bu gün "Kəpəz"dən gözlətiniz nə idi?

- Meydana qələbə üçün çıxmışdıq. Sadəcə alınmadı. Məqsədimiz odu ki, mövsümün sonuna qədər mübariz komanda formalaşdıraq. 

- Yeni transfer Vinçesterin erkən əvəz olunması nə ilə bağlı idi? Onun oyunundan çox narazı qaldınız?

- Xeyr. O, çox yaxşı futbolçudu. Sadəcə istədik, bu gün onun təcrübəsindən yararlanaq. Ancaq hələ Vinçesterin "Kəpəz"ə uyğunlaşması tezdi.

- Bildirdiniz ki, çalışacağıq mövsümün sonuna qədər mübariz komanda formalaşdıraq. Bəs Premyer Liqada sonuncu pilləni tutub, elitanı tərk etmək qorxunuz yoxdu. 8-ci pillədə qərarlaşan klub I Diviziona enməyəcək?

- Vallah mən "Kəpəz"in baş məşqçisiyəm. Başqa nəsə deyə bilmərəm. Təbii ki, məqsədim sonuncu pillədən qurtulmaqdı Ancaq elitadan düşən klubun olub-olmayacağını siz məndən yaxşı bilirsiniz (gülür)

- Dieqo Souzanın zədəsi ciddidi?

- Ciddi görünür. Ancaq inanırıq ki, gələn oyun meydanda olacaq.