“Qəbələ” Azərbaycan Premyer Liqasının 2017-2018-ci illər mövsümünün ikinci yarısına “Qarabağ”la səfər oyunu ilə start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 0:0 hesabı ilə başa çatan qarşılaşma “qırmızı-qaralar”ın heyətində debütün rəsmiləşməsi ilə əlamətdar olub. Matçın 75-ci dəqiqəsində meydana daxil olan Təmkin Xəlilzadə karyerasında ilk dəfə “Qəbələ” forması ilə rəsmi oyuna çıxıb. Yarımmüdafiəçi klubumuzun 13 illik tarixinə 227-ci futbolçu kimi düşüb. Belə ki, “Qarabağ”la matçadək 226 oyunçu rəsmi görüşlərdə şans qazanmışdı.

Bu futbolçular arasında rekord Ürfan Abbasova məxsusdur – 175 oyun. 161 matça çıxan Dodo 2-ci sırada qərarlaşıb. 3-cü pillənin sahibi isə XV turun görüşündə dəyişib. Bu matçadək Viktor Mendi ilə eyni sayda – 127 oyun keçirən Dmitri Bezotosnı 128-ci qarşılaşmada iştirak edib. Ukraynalı qapıçı bununla da 3-cü yerin vahid sahibinə çevrilib.

Daha bir təcrübəli futbolçu Asif Məmmədov isə “Qəbələ”də 90-cı oyununu keçirib. O, bu göstəricidə 13-cü olan Lyubo Baraninə şərik çıxıb.

Xəlilzadə Premyer Liqa oyunlarında “qırmızı-qara” forma geyinən 206-cı futbolçu olub. Ölkə çempionatının yüksək dəstəsində bunadək 205 oyunçu “Qəbələ”nin şərəfini qorumuşdu.

“Qarabağ”la səfər matçında 0:0 hesablı heç-heçə edən “Qəbələ” mövsümdə ilk qolsuz oyununu keçirib. Maraqlıdır ki, komandanın qolsuz başa çatan son matçı da eyni rəqiblə görüşə təsadüf edib. Bu, ötən il aprelin 9-da keçirilən “Qarabağ” – “Qəbələ” matçında reallaşıb. Ümumilikdə isə “qırmızı-qaralar” tarixində 25-ci dəfə səfər oyunundan qolsuz sülhlə ayrılıblar.