"Bu klubda işləmək hər kəs üçün şərəfdir. Sponsorlar, rəhbərlik tərəfindən dəvət gəldi. Məsələ isə ötən həftənin 5-ci günü rəsmiləşdi". 

İdmanxeber.com-un məlumatına görə, bunu "Neftçi" futbol klubunun yeni prezidenti Kamran Quliyev bu gün keçirdiyi brifinqdə deyib. Bu vəzifəyə "Sumqayıt"dan gələn K.Quliyev iş prinsiplərini açıqlayıb: "Həm "Sumqayıt"da, həm də əvvəlki iş yerlərində komanda ruhunun tərəfdarı olmuşam. Seçdiyim adamlar həmişəm mənə, çalışdıqları təşkilata dayaq olublar. Bu gündən bir yumruq kimi sıx işləyəcəyik. Eyni zamanda "Neftçi"nin yeni idman direktoru Ceyhun Sultanovu təqdim edirəm. "Sumqayıt" klubunda gördüyü iş göz qabağındadır. O, "Neftçi"də komanda və akademiya ilə bağlı bütün məsələlərə cavabdeh olacaq". 

O, daha sonra klubda baş verəcəyk yeni təyinatlar barədə suallara aydınlıq gətirib: "Samir Abasovun gəlişi hazırda müzakirə olummur. Bizim baş məşqçimiz var. Tərlan Əhmədov klubumuzun tarixinə düşmüş mütəxəssis, Samir Abasov isə "Sumqayıt"ın ən sadiq funksioneridir. Mən hələ klubun əməkdaşlarını tanımıram. Elələri var ki, onlar barədə fikir sonradan formalaşacaq. İnsanları tanımaq lazımdır. Dürüstlük, fədakarlıq və sadiqlik əsas amillərdir. Mənim öz baxışım var. Çox sadiq həmkarlarla çalışacağam. Maliyyə-təsərrüfat fəaliyyətinə cavabdeh vitse-prezident Elnur Məmmədovla işləyəcəyəm. "Neftçi"yə layiq insanlar bu klubda olacaqlar".

Kamran Quliyev "Neftçi"nin hədəfləri barədə də danışıb: "Mən işlədiyim yerlərdə ən önəmli məsələ ab-hava olub. O cümlədən, "Neftçi" ətrafındakı qeyri-sağlam imic üzərində işləməliyik. Heyətlə bağlı nəinki "Sumqayıt"da, nə də "Neftçi"də məsələlərə qarışmıram. Baş məşqçinin tələbi üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və seleksionerlər məşğul olur. Yalnız baş məşqçinin razılığı əsasında futbolçular cəlb oluna bilər. Əsas komanda adına layiq çıxış etməli, zirvələrdə olmalıdır. Bir neçə güclü əcnəbi futbolçu gətirməliyik ki, rəqabət artsın, yerlilər ondan nə isə öyrənsinlər. Yaxın bir həftə ərzində idman direktoru mənim üçün hesabat hazırlayacaq. Komandanın durumu haqqında daha dəqiq məlumat alacağam. Bundan sonra hara gedəcəyimizə qərar verəcəyik. Çalışacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq. Birinci gündən bu komandanın məsuliyyəti bizim çiyinlərimizdədir. Futbolçularla hansı komandaya gəldiklərinə dair söhbətlər aparılacaq. Kim "Neftçi"nin uğurları üçün çalışacaqsa, o da qalacaq".

Quliyev Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Tərlan Əhmədovla bağlı açıqlamasına da bir daha münasibət bildirib: "Ramin müəllimə böyük hörmətim var. "Sumqayıt" rəhbəri kimi dəfələrlə qəbulunda olmuşam. Onun sözlərinə biganə qala bilməzdik. Buna görə reaksiya verdik. Fürsətdən yararlanaraq, deyərdim ki, kluba ürəkləri döyünən adam olsa belə, istənilən formada müdaxilə ola bilməz. Lakin kimsə bizə tövsiyyə, məsləhət vermək istəsə, klubumuzun xeyrinə olsa, qulaq asmağa hazırıq. Bilirəm ki, Ramin müəllim əvvəlki "Neftçi" üçün çox darıxır. Məncə, elə buna görə də belə açıqlama verib".

Klubun uğurlu işi üçün ən vacib məsələlərdən birinin maliyyə olduğunu deyən K.Quliyev bu barədə də danışıb: "Elnur Eyvazov birinci gündən bu məlumatı mənə verib. Heç bir problem yoxdur. Klubumuzda maliyyə şəffaflığı var. Dövlət tərəfindən klubumuza qarşı heç bir iddia qaldırılmayıb. Maaş, mükafat sarıdan problemləri yoxdur. Eyni zamanda klubun layihələri var. Tezliklə bazanın tikintisinə start veriləcək. Yaxın 3-4 ay üçün yeni meydanlar tikib istifadəyə verəcək. Klubumuzun bazasının ən yüksək səviyyədə olması üçün sponsorlarımız lazımi şəraiti yaradacaqlar. Bir həftə vaxt istəyirəm ki, komandanı tanıyım. Ardıcıl ikinci il Avroliqaya düşməmək bizim üçün uğursuzluq olacaq. Bunun üçün buradayıq ki, komandada dəyişiklik olsun. "Neftçi" ölkəmizi avrokuboklarda təmsil etməlidir".

"Neftçi"nin rəhbəri "Sumqayıt"ın "Neftçi"ni hərtərəfli üstələdiyi söyləyib: "Düzdür, komandanın oyunu, nəticə vacibdir. Akademiya sarıdan problemlər var. Uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bizə vaxt da lazımdır. Azarkeşlər bizdən nəticə tələb edirlər. Biz də bu problemlər üzərində işləyəcəyik. Azarkeşləri tribunaya gətirən ilk amil oyundur. Onların bizdən küsməyə tam haqları var. "Sumqayıt"da işlədiyim vaxt ardıcıl 3 məğlubiyyətdən sonra azarkeşlərimiz azalırdı. İnanıram ki, tərəfdarlarımız bizə sonadək dəstək olacaqlar. "Neftçi" xalq komandasıdır. Ən gözəl dövr 7-11 yaşlı uşaqları cəlb etməkdir.

"Sumqayıt" azarkeşlərinə məktub hazırlamışam. Bu qərarı vermək mənim üçün də çox çətin oldu".

"Bu klub mənim ilkim, məktəbim olub. "Neftçi"yə azarkeşlik edənlərin sayı qat-qat çoxdur. Sumqayıt futbolu üçün əlimdən gələni etdim. Lakin ən yaxşı anda tərk etdim. Qoyub-getmədim, tərk etdim. "Sumqayıt" nə vaxtsa Avroliqaya vəsiqə qazansa, burada az da olsa, payımın olmasına sevinəcəyəm". report.az