"Futbolçularımı təbrik edirəm. Sona qədər təmkinli mübarizə apardılar. Əvvəlcədən bilirdik ki, "Kəpəz" sona qədər müdafiə olunacaq. Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. "Kəpəz" bir neçə turdan sonra təhlükəli rəqib olacaq. Bu matçda xal da itirə bilərdik. Şükürlər olsun ki, qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Kəpəz" matçı sonrası baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov deyib. Oyunla bağlı danışan mütəxəssis bunları deyib:

- Fasilədən sonra 3 oyuna 2 qol vurmusuz. Bu nə ilə bağlıdı?

- Rəqiblərimiz çox düzgün müdafiə olunur. Bu da öz təsirini göstərir. İkinci hissədə rəqiblər sırf öz qapılarına tərəf sıxışırlar. Get-gedə rəqib komandalar bizə qarşı daha ciddi hazırlaşır. 

- "Qəbələ" "Səbail"lə görüşdə uduzdu. Həmin nəticənin bu oyuna təsiri oldumu?

- "Qəbələ"nin uduzub-udmağı bizə təsir etmir. Bizim özümüzün məqsədlərimiz var. 

- Komandanın az qol vurması Dino Ndlovunun gedişi ilə bağlı ola bilər?

- Bu məsələ niyə bu qədər müzakirə olunur, mən anlamıram. Mən gedən futbolçulara görə heç də narahat deyiləm. Mən belə söhbətləri qəbul etmirəm. Hazırda heyətimizdə olan futbolçularıma çox güvənirəm. "Qarabağ"dan gedən heç bir futbolçunu da narazı yola salmamışıq. Məgər, Mahir Mədətov qol vurmur? O qədər olub ki, Dino Ndlovu və ya Reynaldo kimi futbolçulara görə tənqid olunmuşuq. Bir neçə matçda qol vura bilmədiklərinə görə. Siz indi birini bilirsiz, beşini yox. Sabah ən aparıcı futbolçu "Qarabağ"dan ayrıla bilər. Biz hər incəliyini açıqlamaq istəmirik.  Çalışmışıq ki, gedən futbolçuları öz mədəniyyətimizə uyğun yola salaq. 

- Mahir Mədətovu meydandan çıxararkən onu alqışladınız. Lakin o, meydançanı tərk edərkən sanki üzgün idi...

- Mahir Mədətov son dövrlərdə çox yaxşı hazırlaşır. Ancaq bir qədər də qəribə olub. (gülür) Sanki fərqli nələrsə etməyə çalışır. Bu yaşda olan futbolçuların fikirləri bir qədər dağınıq olur.