Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Keşlə" və "Sumqayıt" kollektivləri üz-üzə gəlib.

İdmanxeber.com-un məlumatına görə, oyunsonrası baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bölüşüb:

İki oyundan ibarət matçdı. Birinci görüşdə uduzmağımız bəlkə yaxşı oldu. Çünki çox göylə gedirdik. Hansı qəzeti, hansı saytı açırdın "Sumqayıt"dan yazırdı. Adımıza yaraşmayan oyun sərgilədik. 3-cü pillədə gedən komandaya uyğun matç sərgiləmədik. Neçə oyun idi ki, uduzmurduq. Bəzi futbolçularımız da oynamırdı. 

- "Neftçi" ilə oyundan sonra yorğunluq var idi...

- Hazırlaşa bilmişdik. Sadəcə ola bilsin, bəzi futbolçuların fikri havalardadı. Bunun oyuna aidiyyatı yox idi.

- Tribunaya göndərildiyiniz epizod haqda nə deyə bilərsiniz?

- Nə deyə bilərəm? Mənə qarşı haqsızlıq oldu. Orda söyüş yox idi,  heç kimi təhqir etməmişdik. Qarşılaşmanın baş hakimi bilirdi ki, "Keşlə"nin 6-7 futbolçusu sarı vərəqə limitində idi. Yəqin referiyə "yuxarı"dan tapışırıq verilmişdi ki, rəqibə hörmətlə yanaşsın. Xırda vəziyyətə görə məşqçini tribunaya göndərməzlər. Bəlkə kimlərsə bizi susdurmaq istəyir, ancaq onu görməyəcəklər.

- Fərhad Vəliyevə bundan sonra nə qədər şans vermək istəyirsiniz?

- Mövsümün sonuna qədər.