UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin matçlarında vurulmuş ən yaxşı qol müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə “Liverpul”unun futbolçusu Məhəmməd Salahın “Mançester Siti”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri cavab qarşılaşmasında vurduğu qol ən yaxşı seçilib. Azarkeşlərin 39 faizi misirli forvardın dəqiq zərbəsini fərqləndirib.

İkinci yeri 30 faiz səslə İspaniya “Real Madrid”inin hücumçusu Kriştianu Ronaldunun İtaliya “Yuventus”unu 3:0 hesabı ilə üstələdikləri görüşdəki aşırma zərbəsi tutub. Üçüncü yerə isə 14 faiz səslə “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenin “Mançester Siti”yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol layiq görülüb.

Qeyd edək ki, yarımfinalda “Real Madrid” Almaniya “Bavariya”sı ilə qarşılaşacaq. “Liverpul”un rəqibi isə “Roma”dır.