"Futbolçularıma deyirəm ki, çıxın..." - Yuri Maksimov

Oxunma: 258 TARIX /

Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Zirə”yə qalib gələn (2:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

İdmanxeber.com-un məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, boşalma var idi. Buna görə, bəzi futbolçulara istirahət verdim. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm. - Bu oyunda əvəzetmələriniz həlledici rol oynadı... 

- Son 10 gündə 4 oyun keçirmişik. Çalışırıq, gənc futbolçulara da təcrübəli oyunçularla yanaşı şans verək. 

- Vaqif Cavadovun qolundan sonra üzünüzü Cəmaləddin Əliyevə tutaraq, “gördün?” dediniz... 

- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu ona fərqlənmək üçün imkan verdi. 

- Komanda avrokuboklara qatılsa, komandada qalacaqsız? 

- Müqavilənin sonuna kimi burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq. 

 - Demək olar ki, komanda çempionatda öz vəzifəsini yerinə yetirib? 

- Çempionata da qalib gəlmək üçün çıxırıq. Futbolçuların çoxunun komanda ilə müqaviləsi bitir. Lakin mən onlara deyirəm ki, çıxın özünüzü göstərin. Yaxşı oyun sərgiləmək yeni klubların diqqətini çəkmək üçün də əsasdı. 

 - Komandaya “Sumqayıt”la oyuna görə vəd edilmiş mükafat verilib? 

- Hələ verilməyib.