"Zirə"nin müdafiəçisi Adil Nağıyevin İdmanxeber.com-a müsahibəsi.

- 2018-ci ildə qələbəyə həsrətsiz. Komandada nə baş verir?

Çox çətin bir vəziyyətə düşmüşük. Qələbə qazana bilmirik. Belə anda danışmaq çətindir. Ancaq bu vəziyyətdən çıxacağımıza inanıram.

- Belə vəziyyətə düşməyinizə səbəb nədi?

Öz səhvlərimiz. Hardasa buraxdığımız kiçik səhvlər bizə baha başa oturdu. Hansısa səhvlər komandanı bu vəziyyətə gətirib çıxartdı.

- Komandanın müdafiə və qapı mövqeyi etibarlı deyil. Fasilədən sonra 14 top buraxmısınız. Belə qənaətə gəlmək olar ki, komandanın müdafiədə böyük problemləri var...

Deməzdim. Qalib gələ bilmiriksə və məğlub oluruqsa həmişə günah qapı və müdafiə mövqeyində çıxış edən futbolçularda olur. 14 qol buraxmışıqsa deməli düzgün müdafiə olunmuruq. Müdafiə təkcə 4 futbolçu 1 qapıçıdan ibarət deyil. 

- Adətən bu tipli uğursuzluqlarda günahkar baş məşqçi olur. Sən necə düşünürsən, Ayxan Abbasovun gedişi "Zirə"nin bu durumdan çıxmasına kömək edəcəkmi?

Hər kəs günahı Ayxan Abbasovda görür. Ancaq mən belə düşünmürəm. Əgər mdeydanda nəyisə biz düz etmiriksə baş məşqçi buna neyləsin? Bizim əvəzimizə oynayası deyil ki... "Zirə"ni Avropa Liqasında Ayxan müəllim çıxartdı. Qış fasiləsinə kimi komanda yaşxı təsir bağışlayırdı. Ayxan Abbasovun tək səhvi bizə çox güvənməyi oldu. Biz onun güvənini heçə endirdik.

- Hər ötən tur sizin turnir cədvəlində aşağı yuvarlanmağınızla müşahidə olunur. 4-cü pilləni mövsümün sonuna kimi qoruya biləcəksizmi?

Biz təslim olsaq hər şet bitmiş olacaq. Bu belə olmayacaq. Biz sona kimi mübarizə aparacağıq.