"Azərbaycanla oyunadək hələ bir aydan çox vaxt var. Baxıb düşünməyə davam edəcəyik. Alınsa, bir neçə gənc futbolçunu dəvət edərək, onlara oynamaq imkanı yaratmaq istəyirəm".

İdmanxeber.com-un məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov Azərbaycan millisi ilə iyunun 5-də Astanada keçirəcəkləri yoldaşlıq görüşü barədə sports.kz-yə müsahibəsində deyib. Bolqarıstanlı mütəxəssis bildirib ki, bu oyunda gənclərlə yanaşı, təcrübəli futbolçulara da şans vermək fikrindədir: "Mənim üçün yaş yox, dinamika, oyun keyfiyyəti daha önəmlidir. Komandamızda problemli mövqelər var. Həmin mövqelərin sayını demək istəmirəm. Yığmada çoxlu problem var. Onları bu gün və ya sabah həll etmək olmaz. Futbolçuların bu mövsüm avrokuboklarda necə çıxış edəcəkləri önəmlidir. Həqiqətən də ən yaxşılarını seçmək lazımdır. Əbəs yerə yığma məşqçilərini seleksiyaçı adlandırmırlar".

Stoilov Azərbaycanla oyunda yeni taktiki məqamları sınaqdan çıxaracaqlarını da vurğulayıb: "Bu görüşdə uğurla çıxış edəcəyimizə heç kim təminat verə bilməz. Fəal, aqressiv çıxış etməyə çalışacaq, yenilikləri sınaqdan çıxaracağıq. Nəticə sonuncu yerdə gəlir. Mən yalnız oyun barədə düşünəcəyəm. Hər şeyi düzgün yerinə yetirsən, nəticə onsuz da gəlir. Oyun yaxşı, taktiki cəhətdən savadlıdırsa, nəticə olacaq. Qazaxıstan mənim öz evimdir. Bu görüş heç bir halda ilk ev oyunum olmayacaq".

Qeyd edək ki, "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.