"Qarabağ"ın nümayəndələri Portuqaliyada (FOTOLAR)

Oxunma: 837 TARIX /

"Qarabağ" klubunun idarə heyətinin üzvü Fevzihan Aras, əsas komandanın baş məşqçisinin köməkçisi Elçin Rəhmanov, beynəlxalq əlaqələr üzrə mütəxəssis Vüsal Həsənovdan ibarət heyət Portuqaliyanın paytaxtı Lissabonda olub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, onlar ilk olaraq  dünyada futbolçu yetişdirilməsi üzrə liderlərdən sayılan "Sportinq" klubunun düşərgəsində olublar. 

"Sportinq"in akademiyası, iş sistemiylə tanışlıq çərçivəsində eyni zamanda bir neçə məsələ barəsində də fikir mübadiləsi aparılıb. "Sportinq"lə mümkün əməkdaşlıq barəsində müzakirələrdə "Qarabağ"ın perspektivli futbolçuların "Sportinq"in akademiyasında hazırlıq dönəmi keçməsi haqqında danışılıb. Eyni zamanda "Sportinq" akademiyasının yetirmələrinin "Qarabağ"a icarəyə verilməsinin mümkünlüyü müzakirə edilib. "Sportinq" tərəfi "Qarabağ"ın son illərdə Avropada uğurlu çıxışı fonunda bu layihəyə pis baxmadıqlarını və prosesin mümkünlüyünü bildiriblər.
Ardınca "Qarabağ"ın nümayəndə heyəti Portuqaliyanın nəhəng klubu "Benfika"nın düşərgəsində olublar. Burda da onlar klubun akademiya sistemiylə tanış olublar. "Benfika"nın iş prinsipləri, akademiyadan əsas komandaya futbolçu hazırlanması prosesi haqqında məlumat alınıb.