“Gərginlik yox idi. Sərbəst, demokratik müzakirələr aparıldı. Bir neçə il idi ki, klublarımız əvəzedicilərin çempionatı ilə bağlı məsələni qaldırırdılar. Son Klublar Komitəsinin iclasında da bu məsələ açıldı, xahiş etdilər ki, müzakirə edək. Yekun olaraq, qərara aldıq ki, əvəzedicilərin çempionatı yeni mövsümdə də eyni sistemlə davam etsin. Əlavə olaraq, yaş limiti ilə bağlı qərar növbəti mövsümdə də tətbiq olunacaq. Bildiyiniz kimi, hər komandada bir 1996-97 təvəllüdlü futbolçu oynamalı, həmçinin qeydiyyatda bir 1998-99 təvəlllüdlü futbolçu olmalıdır. U-21 yığmamızın daha yaxşı nəticələr əldə etməsi üçün bu addımı atmışdıq. Nəticələr müsbət effekt verdi, ona görə daha bir mövsüm eyni formada davam etmək qərarına gəldik. Növbəti mövsümlərdə isə yeni yaş qruplarına uyğun qərarlar verilə bilər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirilən brifinqdə deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Topaz Premyer Liqada sonuncu pilləni tutan “Kəpəz” elitanı tərk edəcək?

- İdman prinsiplərinə əsasən deyə bilərəm ki, bəli, sonuncu yeri tutan komanda getməli, birinci divizionun qalibi gəlməlidir. Amma mən indi bu barədə əminliklə nəsə deyə bilmərəm. Sabahkı iclasda bu barədə yekun qərar olacaq. Hazırkı vəziyyəti isə mən şəffaf şəkildə sizə izah etdim.

- Birinci divizion klublarının sənədlərində problemlər çoxdur?

- 10 klubdan 8-i müraciət edib. Onların 2-si sənədlərin 50 faizini verib. Digərləri isə heç nə verməyib. Ərizədən başqa heç nə yoxdu.

- Bundan əvvəl divizionda qalib olub Premyer Liqaya gələn “Səbail”, “Kəpəz” və hətta “Zirə”də belə lisenziyalaşdırma ilə bağlı problem var idi. “Xəzər”lə onların arasında hansı faciəvi fərq var ki, bu gün divizionun qalibinin Premyer Liqaya buraxılmaması məsələsi müzakirə olunur?

- Siz deyirsiniz ki, onlarda problem var idi, amma əslində yox idi. Bu gün biz arxivləri də açıb təqdim edə bilərik. Sənədlərin 80-90 faizi hazır olanda İcraiyyə Komitəsi çatışmayan 10-20 faizə görə məsuliyyəti üzərinə götürür və güzəşt edir. Amma sənədlər heç olmayanda heç bir hərəkət etmək mümkün deyil. Sənədlərin 10-20 faizi təqdim olunanda bu, bizim üçün təhlükədir. Xahiş edirəm, unutmayaq, biz Premyer Liqanın vəziyyətini sabitləşdirdik. Bilirik, klubların sayı azdır, amma sabit komandalardır. Artıq təməli olan klublardır. Uşaq futbolu, infrastrukturu, hətta bəzilərinin bazaları da var. Ona görə bu cür sənədlərə diqqətlə yanaşmalıyıq ki, gələn komandalar həmin təməli pozmasınlar. Yeni yaranan və divizionda birinci yeri tutan komanda sənədləri, gələcək planları təqdim etmədən İcraiyyə Komitəsi ona qarşı istisna tətbiq etsə, sonra bunun arxasında durmaq lazımdır. Əvvəllər biz bunu gördük. Çempionatın ortasında bəzi klublar heç futbolçuların maaşlarını da verə bilmirdilər. Bank zəmanətləri tələb etməsəydik, həmin futbolçular maaşsız qalardılar. Bundan sonra 3 ay müddətində onları kim məcbur edə bilər ki, maaşsız oynasın? Biz sənədləşdirmə işlərinə diqqətlə yanaşmalıyıq. Əvvəlki təcrübə də göstərdi ki, risk edə bilmərik. Siz tək Premyer Liqaya baxmayın. Elitada çıxış edən klubların bütün yaş qrupları hər tur aşağı liqalarda oyunlara çıxırlar. Birinci divizonda isə bu yoxdur. Hərdən bir bəzi oyunlara gəlirlər. Ona görə də texniki məğlubiyyət verilir. Amma Premyer Liqa klubları bu kimi işlərə xüsusi önəm verirlər. Bilirik ki, son illər Premyer Liqada klubların infrastrukturu da yaxşılaşır. Artıq stadionların süni örtüyü təbii örtüklə əvəzlənir. İyul ayında “Zirə” klubunun stadionuna da təbii ot örtüyü salınacaq. “Keşlə”nin infrastrukturu ilə bağlı plan təsdiqləndikdən sonra bu komandanın da stadionun süni örtüyü təbii otla əvəz olunacaq.

- Bu gün “Kəpəz”in yerinə “Sabah”ın Premyer Liqaya gəlməsi müzakirə olunur. Bölgələr yenə futbolsuz qalacaq və bu da istər-istəməz ictimai qınağa səbəb olacaq...

- Əslində biz də istərdik ki, daha çox bölgə futbolu inkişaf etdirilsin. İcraiyyə Komitəsi maksimum dərəcədə bunu edir. Birinci divizion da buna sübutdur. Bölgə komandalarına maliyyə də ayrılır. Cədvələ baxsaq, bölgə komandaları AFFA tərəfindən maliyyələşdirilir. Misal üçün, divizionda özü maliyyələşən komandalar var ki, Bakını təmsil edirlər. Biz onlara deyə bilmərik ki, gedin, bölgəni təmsil edin. Bunlar əvvəldən elə orda yaradıla bilərdi. Bizə 1-2 illik deyil, uzunömürlü komandalar lazımdır. Birinci divizionla bağlı onu da qeyd edim ki, İcraiyyə Komitəsi aşağı dəstə bağlı yeni konsepsiya hazırlamağı AFFA və PFL-ə həvalə etdi. Təəssüf ki, birinci divizionda şübhəli oyunların sayı artır. Hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlamışıq. Araşdırma gedir. İdman prinsiplərini qorumaq üçün bu barədə hələlik heç nə deyə bilmirik. Amma 2 ay sonra İcraiyyə Komitəsinin iclasında bununla bağlı qərarlar açıqlanacaq. Diviziondakı xəstəliyi məhv etməliyik.

- “Sabah”ın sizə yaxın klub olduğu deyilir...

- Mənə yaxın? Anlamadım. “Sabah” klubunun təməli var. Onun bütün strukturu “Vətən” klubunun üzərində qurulub. Bilirsiniz ki, “Vətən” aktiv şəkildə uşaq futboluna yatırım edir. Bu komanda Təhsil nazirliyi tərəfindən də tam dəstək görür. Aşağı yaş qrupları üzrə bütün liqalarda bu klub iştirak edir. Hətta öz yarışları da var. Mən Təhsil Nazirliyində yox, AFFA-da işləyirəm. Ona görə də buna yaxınlıq deməyək. Bizim bütün klublarla münasibətlərimiz var. Klub lisenziyaşaldırma şərtləri ilə bağlı sənədlərini təqdim edibsə, mən yalandan necə deyim ki, etməyib. Digər klublar isə heç bir sənəd təqdim etməyiblər. Əgər ediblərsə, gətirib göstərsinlər. Heç kim bizə irad tutmasın ki, biz məsələyə subyektiv yanaşırıq. Klublarla fərdi olaraq, görüşmüşəm. Maliyyə, uşaq futbolu, infrastrukturla bağlı ətraflı soruşmuşam. Təəssüflər olsun ki, nəinki yazılı, heç şifahi cavab da ala bilmədim.

- Əgər birinci divizion klubları lisenziyalaşdırma şərtlərinə cavab verə bilmirlərsə, Premyer Liqaya buraxılmırlarsa, AFFA niyə onlara maliyyə ayırır?

- Biz bölgə futbolunun qayğısına qalmaq istəyirdik. İlk addımı atdıq, sonra iş adamları da bu işə qoşulsunlar. Təəssüflər olsun ki, alınmadı. Sonra da işi yarımçıq qoymaq istəmədik. Fikirləşdik ki, 3-4 il də davam edək, görək necə olur. Ona görə də PFL-lə, Məşqçilər Komitəsi ilə müzakirələr aparırıq, baxırıq ki, futbolçu yetişirmi. Əlavə olaraq, həmin klublarda biz məcburi olaraq, uşaq futbolunu tətbiq etdik. Təəssüf ki, bəziləri düzgün yolda deyillər. Şübhəli oyunlar var. Bu cür oyunlarda AFFA tərəfindən maliyyələşdirilən klubların adları olsa, onlar da yarışlardan kənarlaşdırılacaqlar.

- “Xəzər” çempion oldu və bildirdilər ki, bölgəni təmsil etməyə hazırdırlar. Əgər bölgə futbolunun inkişafına çalışırsınızsa, bu komandanın Premyer Liqaya çıxmasına niyə mane olursunuz?

- Heç kim heç kimə mane olmur. Siz özünüz də gördünüz ki, hadisələr necə sürətlə cərəyan etdi. Çempion oldular və dərhal bölgəni təmsil edə biləcəklərini açıqladılar. Hər şey bu qədər sürətli ola bilməz. Bu gün İcraiyyə Komitəsi heç bir klubu sənədsiz Premyer Liqaya buraxa bilməz. Bu komanda fəaliyyətini davam etdirsin. Öz strateji planını hazırlasın. Məni bu planı şifahi şəkildə bildirdilər. Xahiş etdim ki, bunu yazılı şəkildə lisenziyalaşdırma komitəsinə versinlər. Çünki bu özü də onlara dəstək ola bilərdi. Təəssüf ki, o da olmadı. Biz bütün klublara obyektiv yanaşırıq.

- Maraqlıdır, “Xəzər” hansı şərtlərə cavab vermir ki?

- Bu barədə hər şey lisenziyalaşdırma ilə bağlı iclasdan sonra mətbuata açıqlanacaq. Dünyanın heç bir yerində İcraiyyə Komitəsinin bütün üzvləri brifinq keçirmir.

- Deyilənə görə, maliyyə çətinliyi ilə bağlı hakimlərin yay toplanışı da ləğv olunacaq...

- Açığı, Xaqani Məmmədov bununla bağlı bizə heç bir təklif verməyib. O komitə sədri olaraq, bizə müraciət etməlidir. Toplanışın müddətini, yerini yazmalıdır. Bundan sonra təklifə müəyyən cavab verilir. İndiyə qədər isə bizə heç bir təklif göndərməyib. Yəqin ki, çempionatın sonunu gözləyir. İnanıram ki, yaxın vaxtlarda proqramı təqdim edər, lazım olsa, təsdiqlənər.

- Yəni pulunuz var...

- Pul deyəndə, müəyyən büdcə ayrılıb. İlin əvvəlində təsdiqlənib. Bu büdcə ilə davam edirik.

- Bəs hakimlərin formaları niyə yenilənmir?

- 2 ildən bir hakimlərə yeni forma alınır. Biz brendi dəyişdirdik. Onların forması artıq gəlib. Mövsümün sonunu gözləyirik.

- Amma Xaqani Məmmədov özü deyib ki, 8 ildi hakimlər eyni forma ilə meydana çıxırlar...

- Yəqin, Xaqani müəllim səhv edib. Hakimlərə forma verilir.

- Klublar forma üçün “Nike”la əməkdaşlığa başlayacaq?

- Artıq federasiya olaraq, “Nike” firması ilə əməkdaşlıq edirik. Əlavə olaraq, “Nike” Premyer Liqanın toplarla bağlı texniki sponsoru da olmaq istəyir. Bu barədə bizə müraciət də daxil olub. Biz də öz növbəmizdə, Peşəkar Futbol Liqasına və klublara topların nümunələrini göndəririk. Pulsuz top istəyirlərsə, “Nike” hazırdı. Bir mövsüm üçün klubların hərəsinə 100 top verilə bilər. Məncə, bu, normalda 40-50 top alan klublara artıqlaması ilə bəs edər.

- Hakimlər Komitəsi və Hakim İnspektorlar Komitəsinin birləşməsi barədə söhbətlər gəzir. Bu barədə nə deyə bilərsiz?

- Bəzi ölkələr belə bir təcrübə var. UEFA-dan belə bir tələb yoxdur, sadəcə, onlardan tövsiyələr var. Bununla bağlı təhlil aparmamışıq. Növbəti iclaslarda bu məsələyə baxıla bilər.

- Mümkündürsə, “Sabah”ın maliyyə mənbəyini açıqlayardınız?

- Hazırda ictimai birlik kimi fəaliyyət göstərirlər. Müvəqqəti tranzit müddətində MMC-dilər, eynilə “Keşlə” kimi. Bank zəmanətləri də var.

- “Sabah” yeni təhsil nazirindən də dəstək görürmü?

- Lisenziyalaşdırma prosesi nazir təyinatdan daha öncə başlayıb. Ancaq yeni nazirdən də məsələ ilə bağlı heç bir mənfi rəy almamışıq.