"Kəpəz"in yalvarışı

Oxunma: 985 TARIX /

AFFA-nın İcraiyyə Komitəsinin bu günkü iclasından sonra "Kəpəz"in Premyer Liqanı tərk etməsi mövzusu dəqiqləşməyə doğru gedib.

İdmanxeber.com-un məlumatına görə, "sarı göylər"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev şəxsi "facebook" hesabında rəhbərliyin və öz adından status yazaraq dostları ilə bölüşüb. Yazılan cümlələrdə "Kəpəz"in üstüörtülü də olsa AFFA-dan imdad dilədiyi hiss olunub:

"Bu gün AFFA-nın İcraiyyə Komitəsinin məlum iclasından sonra şəxsən mənə istər azarkeşlər, istərsə də media nümayəndələrindən çoxsaylı zənglər, mesajlar daxil oldu. Hamı “Kəpəz”lə bağlı sorusur, yeni informasiya almağa çalışır, məsələnin nə yerdə olduğunu öyrənməyə cəhd göstərirdi. Açığı, hələ də telefonum və sosial şəbəkələr vasitəsilə sms-ləri qəbul edirəm. Və hamının narahatlığını başa düşürəm. İnanın ki, mən də sizin qədər, bəlkə də daha çox narahatam. “Kəpəz”in Premyer Liqadan düşməsini heç kim istəmir, arzulamır. Aydın məsələdir, Gəncə futbolunun böyük çəkisi, tarixi var. Gəncə futbolu Azərbaycan futbolunun əsas sütünüdur. Gəncəni boş yerə futbolumuzun Məkkəsi adlandırmırlar. Azərbaycan futbolunda şəhərimizin özünə məxsus mövqeyi, yeri var. Bu nüfuzu, imici “Kəpəz”imiz əldə etdiyi nəticələr, qazandığı uğurlar, yetişdirdiyi çoxsaylı adlı-sanlı yetirmələrilə qazanıb. Demək olar ki, ünsiyyət quranların hamısı bir ağızdan bunu səsləndirir, xüsusən də jurnalistlər. Hamı “Kəpəz”in vəziyyətindən bərk narahatdır.

Onu da deyim ki, mənimlə əlaqə yaradanlar arasında Gəncədən kənarda yaşayanlar, gəncəli olmasalar belə komandanı sevənlər də var. Bakıdan, Sumqayıtdan, Qazaxdan, Tovuzdan, Şəmkirdən, Yevlaxdan zəng edirlər, yazırlar. Onlar da mənim kimi yaxşı başa düşür ki, “Kəpəz” tək Gəncənin yox, qərb regionunun təmsilçisidir. Futbolumuzun elitasında Nizami yurdu ilə yanaşı, həm də böyük region adına çıxış edir.

Azarkeşlər, media işçiləri təxminən 1 əsrə bərabər yaşı olan Gəncə futbolunun, “Kəpəz”in Premyer Liqada saxlanılmasının tərəfdarıdır. Hamı Gəncə futboluna, “Kəpəz”ə hər zaman hərtərəfli dəstək göstərmiş qurumun güzəştinə ümid edir. Bildirirlər ki, “Kəpəz”in TPL-də qalması kluba, məşqçiyə, futbolçuya, texniki işçiyə, azarkeşlərə, jurnalistlərə - bizim hamımıza lazımdır. İnanin ki, sizin kimi biz də güzəştə ümid bəsləyirik!

Bu gün “Kəpəz”in ev oyunlarını keçirdiyi stadionda köklü dəyişikliklər, yenidənqurma, tikinti-bərpa işləri aparılır. Bütün bunlar Gəncədə futbolun inkişafına, klubumuz üçün lazımı şəraitin, bazanın yaradılmasına yönəlib. Əsas və əvəzedici heyətlərdən başqa klubumuzun tərkibində 9 yaş qrupu üzrə komandalar fəaliyyət göstərir. Bölmələrdə 300-ə yaxın uşaq, yeniyetmə və gənc futbolla məşğul olur. Onların sevimli idman növündən ilham alması, böyük futbola can atması üçün əsas komandanın Premyer Liqada qalması mütləqdir. Gəncədə azarkeşlərin futbolu necə sevdiyi, bu idman növünə necə rəğbət bəslədiyi respublikaya məlumdur. Stadiona gələn tamaşaçı sayında komandamızın bütün turlarda və eləcə də, son 3 mövsümdə lider olması bunun əyanı göstəricisidir. Elə çoxsaylı zənglərdə sadalanan bu fikirlər təkrar-təkrar vurğulanır. Bütün bunları nəzərə alaraq “biz “Kəpəz”in elitada qalmasının tərəfdarıyıq və aidiyyatı qurumun güzəştinə ümid bəsləyirik” – deyə qeyd olunur.

“Kəpəz” I divizona düşsə belə, bizim mübarizədən çəkilmək, planlardan, görəcəyimiz işlərdən geri durmaq fikrimiz yoxdur. Yenidən Premyer Liqada təmsil olunmaq üçün bütün gücümüzu səfərbər edəcəyik!

Bu çətin günlərdə bizə dəstək olan azarkeşlərə, həmçinin jurnalist yoldaşlara təşəkkür edirəm, dost çətin gündə tanınar!

P. S. Ümid... ümid sonda ölür, gəlin, tələsməyək, bizim üçün uğurlu olacağını ümid etdiyimiz sabahı gözləyək!