"Hər zaman olduğu kimi çətin oyun keçdi. "Zirə" Avropa Liqasına düşmək uğrunda mübarizə aparır. Futbolçularımda əzmkarlıq hiss etdim. Rəqib 10 nəfərlə qalanda biz istədiyimizi edə bilmədik. Ümumilikdə "Kəpəz" zəif təsir bağışlamadı. 8 futbolçumuz zədə ucbatından meydana çıxa bilmədi". 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən "Zirə" - "Kəpəz" matçı sonrası qonaqların baş məşqçisi Yunis Hüseynov deyib. Gəncə klubunun çalışdırıcı 1:2 hesablı məğlubiyyəti bu cür şərh edib.

- Rəqib 10 nəfərlə qalmasına baxmayaraq fiziki cəhətdən "Kəpəz"i üstələdi və daha istəkli görünürdü...

- Onların motivasiyası daha güclü idi. Çünki onlar Avroliqa uğrunda yarışırlar. İcraiyyə Komitəsinin qərarından sonra futbolçuları oyuna kökləmək çox çətin idi. Sağolsunlar ki, hələ belə oyun nümayiş etdirdilər. Qarşıda bizi "Neftçi" ilə çətin matç gözləyir. Əlimizə düşən bütün fürsətlərdən yararlana bilmədik. 

- Əvəzetmələrinizi buraxdığınız qollardan sonra həyata keçirdiniz...

- Bizim ehtiyatda cəmi 3 futbolçumuz var idi. Şəhriyar Əliyev meydana zədəli-zədəli çıxmışdı. Ayağına iynə vurdular, elə oynadı. İstədiyimiz heyət yox idi. Qola qədər də əvəzetmə etmək istəmirdim.

- "Kəpəz"in gələcək taleyi necə olacaq, komanda I Divizionda çıxış edərsə, qalmağı düşünürsünüz?

- Hazırda Gəncədə xeyli iş gedir. "Neftçi" ilə oyuna sizi dəvət edirəm. Gəlin, baxın. Ehtiyat meydança salınır, baza təmir olunur. Görülən işlərin müqavilində çox istərdik ki, Premyer Liqada qalaq. Ümumiyyətlə, regionlarda futbol olmalıdı. Futbolçu azarkeş üçün futbol oynayır. Meydançada tərəfdar olmayanda futbolçu özündə məsuliyyət hiss etmir. Aşağı dəstədə mübarizə aparıb, aparmayacağımız məlum deyil. 

- Tural Cəlilovun adı iştirak ərizəsində yer alsa da, oyunu tribunadan izləyirdi...

- Zədəsi var idi, son anda çıxardıq. 

- "Kəpəz" I Divizionda çıxış etməyi özünə sığışdırmır?

- Yox, belə deməzdim. Bu I Diviziona hörmətsizlik olar. Sadəcə Gəncədə bu qədər işlər görülür, köklü bir komandadan söhbət gedir. Neçə illər idi ki, aşağı dəstədən Premyer Liqaya komanda gəlmirdi, 1 il də gözləyə bilərdilər.