"Kəpəz"in kapitanı Şəhriyar Rəhimovun İdmanxeber.com saytına müsahibəsi.


- Şəhiyar, 2 gün sonra Premyer Liqanın son turu çərçivəsində "Neftçi" ilə qarşılaşacaqsınız...

- Sonuncu yeri tutmağımıza baxmayaraq meydana nəticə üçün çıxacağıq. Qələbə qazanmaq istəyirik. "Kəpəz" azarkeşləri futbolu sevəndi. Onlara qallibiyyət sevinci bəxş etməyi arzu edirik.

- "Neftçi" Avropa Liqasına vəsiqə qazannmaq üçün qalib gəlmək istəyəcək. Səncə "Neftçi"nin büdrəməməsi üçün kənar qüvvələrin köməyi olacaq?

- Əvvəla onu deyim ki, "Neftçi" Gəncədə asan qələbə qazanmayacaq. İnşallah ki, məğlub olmarıq. Ancaq uduzsaq belə, bu "Neftçi"yə asan başa gəlməyəcək. Çünki biz də çıxıb mübarizə aparacağıq. Qaldı ki, kənar qüvvələr... İnanmaq istəmirəm. Düşünmürəm ki, hansısa hakim gəlib "Neftçi"yə qələbə qazandırsın.

- "Kəpəz"in Premyer Liqadan kənarda qalması ilə bağlı Yunis Hüseynovla söhbətiniz olub?

- Xüsusi nəsə danışmamışıq. O da, biz də, hamı bir nəfər kimi gözləmə mövqeyindəyik. Xoş xəbər eşitməyin arzusundayıq. Ümid qalıb, Allaha. Gözləyirik ki, rəhbərlik səviyyəsində bu iş həll olunsun və "Kəpəz" yenidən əsas çempionatda mübarizəsini davam etdirsin. Bizə rəsmi olaraq heç kim deməyib ki, I Divizionda olacaqsınız. Yaxud Premyer Liqada yolunuza davam edəcəksiniz. Məcbur gözləyirik. Biz axırıncı yeri tutanda da Yunis müəllim dedi ki, kefinizi pozmayın. Çıxın, öz oyununuzu nümayiş etdirin, qoy görsünlər.

- Aqibəti bilinməyən komandada qalmağı düşünürsən?

- Bu barədə danışmaq hələ tezdi. Nə olacağını bilmirik. "Kəpəz" qalsa, mən də qalaram. Nə yalan deyim, şərtlər qane edir, mənə doğma olan klubdu.  İlk növbədə "Kəpəz"in var olmasını düşünürəm.