"Belə penalti mənə lazım deyil" - Rəşad Sadıqov

Oxunma: 778 TARIX /

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra yığmamızın çalışdırıcı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. O, 3:3 hesabı ilə başa çatan görüş haqda bunları deyib:

"Rəqib çox yaxşı futbolçulardan təşkil olunmuş kollektivdi. Hər iki komandanın ifasında baxımlı oyuna şahidlik etdik. Oyun ərzində o qədər hadisələr baş verdi ki, hər birini xatırlayıb, analiz etməkdə çətinlik çəkirəm. Bu matçda məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım. Uşaqlar təslim olmadılar, nizam-intizamlı futbol oynadılar".

- Oyun ərzində çox gəeginlik var idi. Sanki rəsmi matça çıxmışdınız...

- Biz yoxlama oyunlarına da ciddi yanaşmalıyıq. Əgər inkişaf etmək istəyiriksə, məşqlərə belə rəsmi çıxmalıyıq.

- Macarıstan millisi meydanda daha aqressiv görünürdü. Sanki penalti epizodundan sonra bu aqressivlik daha da artdı...

- İlk dəqiqədən hər iki yığma aqressiv oyun nümayiş etdirməyə başladı. Penalti epizoduna gəlincə, əgər qərar şübhəli idisə, belə penalti mənə lazım deyil. Hər iki komandanın futbolçuları yaxşı oyun sərgiləməyə çalışdırdı.

- Rəqib komandanın baş məşqçisi daha aqressiv idi...

- Onu da başa düşmək olar. Bəzi qərarlar xoşuna gəlməyə bilər. Çünki hakim Azərbaycanı təmsil edirdi. Onun üçün düz olan qərar da, səhv görünürdü.

- Optimal heyəti formalaşıb?

- Heyətimizin əksəriyyəti gənclərdən ibarətdi. Ancaq rəsmi görüşlərdə hansı futbolçular çıxış edəcək, kimlər dəyişəcək, bunu hələ dəqiq bilmirəm. Mənim üçün əsas odu ki, futbolçular özlərini inkişaf etdirsinlər. İstər yoxlama matçı, istərsə də rəsmi qarşılaşma olsun, məqsədim oyunçuları yaxşı formada yetişdirməkdi. Məğlub olsaq da olar, təki əzmkarlığa öyrəşsinlər. Premyer Liqa klublarının diqqətini cəlb etsinlər. 

- Renat Dadaşov U 21 yığmamızın hücumçu problemini aradan qaldıra bilər?

- Düşünmürük ki, tək bir futbolçu bütün problemləri həll etsin. Renat şəxsən tam hazır deyil. İstərdim ki, onu əsas heyətdə meydançaya buraxım. 2 ay idi ki, məşq etmirdi. Müəyyən qədər onda irəliləyiş var. Bundan sonra da öz üzərində işləsə, mənə elə gəlir, Renat böyük futbolçu olacaq.

- Onun avropada qalması daha xeyirli olardı...

- Əlbəttə ki...

- Millinin baş məşqçisi kimi bir neçə oyunu arxada qoydun. Hansı məqamlara sevindin?

- Sevindirici məqam odu ki, futbolçularımda istək var, qələbə qazanmaq arzusu ilə alışıb, yanırlar. Çatışmayan cəhətlərimiz isə az deyil. Bizim ən yaralı yerimiz vaxt məsələsidi. Hazırlaşmağımız üçün yetərli qədər vaxt olmur.

- Əsas milli komandamız Qazaxıstan yığmasına böyükhesabla uduzdu. Artıq tənqidlər də çoxalıb. Bu barədə nə deyə bilərsən?

- Futbolçuların açıqlamalarını oxusaq görərik ki, onlar da çox məyusdurlar. İstəməzdilər belə olsun. İnşallah, Latviya ilə görüşdə eyni səhvlərə yol verməzlər. Düşünürəm ki, Kosova matçına qədər hər şey yoluna düşəcək.