"Xan Lənkəran"dan BƏYƏNAT

Oxunma: 738 TARIX /

Məlumat verdiyimiz kimi, “Xan Lənləran” Peşəkar Futbol Klubunun idarə heyyətinin üzvləri ötən həftənin əvvəlində Lənkəran şəhərinə səfər ediblər. Səfərin əsas məqsədi Lənkəran rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin rəisi Emin Quliyevlə görüşmək, fəaliyyətimiz barədə məlumat vermək idi.

Bildiyniz kimi, bundan əvvəl bir sıra mətbuat oraqanları klubumuzun fəaliyyəti ilə bağlı İcra Hakimiyyətindən münasibət öyrənmək istəmiş, qarşı tərəf isə, onlara rəsmi müraciət olunmadığını bildirmişdilər. Nəticə etibarı ilə “Xan Lənkəran” PFK-nin mətbuat xidməti Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova ünvanlanmış iki müraciəti rəsmi facebook səhifəsində yayınlamağa məcbur qalmışdı. Bu paylaşımdan 15 dəqiqə sonra İcra Hakimiyyətinin Hüquq şöbəsinin rəisi Emin Quliyev “Xan Lənkəran” PFK-nin idarə heyyətinin sədr müavini Cəmil Şirvanova telefon etmiş, görüşmək üçün Lənkərana gəlməyimizi istəmişdi.

Biz bu görüşə böyük ümidlərlə yollanmışdıq. Çünki “Xan Lənkəran” PFK-nin hələ qurulma təşəbbüsü müzakirə edilərkən, həmin vaxt fəaliyyət göstərən Təşəbbüs Qrupunun da Lənkərana birinci səfərimiz zamanı ilk dayanacağı məhs Lənkəran Rayon İcra Hakimiyyəti olmuşdu. Lakin qurum qərargahının qapısında dayanan mühavizəçilər heç bir məsul şəxsin yerində olmadığını, bu səbəblə də Lənkəran rayon Gənclər İdman idarəsinə yollanmağımızın daha məqsədəuyğun oludğunu bildirmişdilər. Gənclər və İdman İdarəsinin rəisi də həmin gün Bakıda olduğundan, idarənin əməkdaşı Mehman Əliyevlə 1 saata qədər söhbət etmiş, layihəmiz barədə məlumat vermişdik. Ondan layihə nümunəsini idman idarəsinin rəisinə və icra başıçısına təqdim etməyini xahiş etmişdik. Bizim bütün bu cəhdlərimizə baxmayaraq, əvvəlcə 8 iyun tarixində Lənkəran şəhər Gənclər Mərkəzində keçirmək istədiyimiz futbolsevərlərlə görüş əngəlləndi, ardınca da, şəhərin ictimai xadimləri tərəfindən qurulmuş Direktorlar Şurası üzvlərinə təzyiqlər edildi, şura dağıdıldı.

“Xan Lənkəran” PFK idarə heyyəti bütün bu xoşagəlməz prosesləri təmkinlə qarşılayıb, İcra Hakimiyyəti ilə mümkün dialoq yolları axtarıb. 20 iyun tarixində hüquq şöbəsinin rəisi ilə görüş baş tutub. Görüşdə E.Quliyevə klubun rəsmi sənədlərinin surəti təqdim olunub.

E. Quliyev “Xan Lənkəran Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyəti Cəmiyyətinin nizamnaməsindən 3.1. maddəni (Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər) oxuyaraq, bizim futbol klubu kimiz fəaliyyət göstərməyimiz üçün lisenziya almalı olduğumuzu iddia edib. “Xan Lənkəran” idarə heyyətinin sədr müavini və hüquq şöbəsinin sədri Cəmil Şirvanov bütün cəhlərlə futbol sahəsində fəaliyyətin Azərbaycan Respublikası qanunvericiliyi ilə lisenziyalaşdırılmış fəaliyyət növlərindən biri olmadığını izah etməyə çalışsa da, bu mümkün olmamış, Emin bəy AFFA-nın rəsmi internet saytından yüklədiyi Premyer Liqa və UEFA yarışlarında iştirakla bağlı lisenziyalaşdırma normativlərini göstərərək, həmin lisenziyanı gətirməyimizi istəmişdir. İdarə heyyətinin sədri Rəsul Şükürsoy bu sənədin fəaliyyət növünün lisenziyalaşdırılmasına aidiyyatının olmamasını, UEFA normativləri olduğunu, Azərbaycan Qanunvericiliyinin tələblərinə aid edilmədiyini, fəaliyyətimizin irəlidəki vaxtlarında AFFA tərəfindən tələb ediləcəyini, hətta ötən il 1-ci divizionda çıxış etmiş 10 klubdan 10-nun da həmin lisenziyalaşdırmadan keçəmədiyini bildirsə də, məntiqi nəticəyə gəlmək mümkün olmadı. Yekunda Emin Quliyev “gedin, AFFA-dan qeydiyyatdan keçin, gəlin” təkrarçılığında qaldı. Belə bir qeydiyyatın, ancaq püşkatma ərəfəsində yarışa daxil olmaq olduğunu, izah etmək mümkün olmadı.

“Xan Lənkəran” PFK rəhbərliyinin məqsədi çözüm, iş, quruculuq olduğundan, idarə heyyətinin sədri Rəsul Şükürsoy dünən də planlar üzrə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb, İcra Hakimiyyəti nümayəndəsinin tələbləri barədə müzakirələr aparılıb. R.Musayev Lənkəranda futbolun bərpası, klubun fəaliyyəti ilə bağlı hər cür dəstək verməyə hazır olduqlarını bildirib. “Xan Lənkəran”ın 1-ci divizion yarışlarında iştirakı ilə bağlı texniki məsələlər müzakirə edilib.

Dünən idarə heyyətinin nümayəndələrinin forma sponsorluğu ilə bağlı keçirdiyi görüşdən də müsbət nəticə əldə edilib.

Bu gün səhər saatlarında isə idarə heyyətimizin digər üzvü Ramil Abdullayevə Emin Quliyev zəng edərək, onların bizim fəaliyyətimizə hələ icazə vermədiklərini, ona görə də, Lənkəranda tanıtım xarakterli “flayer”lər paylanılmasının düzgün olmadığını, bizim özbaşınalıq etdiyimizi bildirib. Məlumatla bağlı Rəsul Şükürsoy Emin Quliyevə telefon edib, məsələni aydınlaşdırmaq istəyərkən, qarşı tərəf, bu dəfə Gənclər İdman Nazirliyindən icazə gətirməli olduğumuzu, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli olduğumuzu əlavə edib və onu məhkəməyə verəcəyi ilə hədələyib, telefonu qapadıb.

Bütün bu olanlardan sonra, “Xan Lənkəran” PFK məlum məsələni ictimailəşdirməkdən başqa çərə görmür. Biz hesab edirik ki, Lənkəran Rayon İcra Hakimiyyəti ilə Hüquq şöbəsinin rəisi səviyyəsində danışıqların heç bir perspektivi yoxdur. Ona inanırıq ki, hörmətli cənab başçı Taleh Qaraşov şöbə rəisinin inseativindən, “qanunçoxaltma”, “qanunkəşfetmə” qabiliyyətlərindən, məlumatlı deyil. İrəli sürülən tələblər birbaşa Azərbaycan Respublikasının müasir dünyəviçilik prinsipləri ilə müəyyən edilmiş qanunlarına ziddir, əngəlləmə, süründürməçilik xarakterlidir. Tələblərin heç bir hüquqi qarşılığı yoxdur.

Azərbaycanda idmanın inkişafı, bölgələrdə gənclərin idmana, sağlam həyata cəlb olunması Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı dövlət siyasətinin ayrılmaz prioritetlərindən biridir. Cənab prezident idman sahəsində atılan addımları dəstəkləyir və müstəqil idman mərkəzlərinin, idman klublarının formalaşdırılması işinə daim diqqət ayırır.

“Xan Lənkəran” PFK də ölkə başçısının göstərdiyi istiqamətlərə arxalanaraq, Lənkərana futbolu qaytarmaq üçün əzmlə çalışmaqdadır. İctimaiyyətə açıq şəkildə Lənkəran Rayon İcra Başçısı cənab Taleh Qaraşovdan xahiş edirik ki, bizim fəaliyyətimiz üçün şərait yaradılsın. Biz bütün dövlət strukturları ilə, eləcə də Lənkəran İcra hakimiyyəti ilə də sıx əməkdaşlıq etmək, bölgədə futbolun, əhalinin rifah halının yüksəldilməsi yönündə töhvə vermək istəyirik. Lakin, Emin Quliyev kimi məmurların münasibəti, tərzi bizləri Lənkərandan qovmaq mahiyyəti daşıyır. Vəziyyət o həddə çatıb ki, biz klubu yaratmışıq, Bakıda azad şəkildə fəaliyyət göstəririk, işlərimiz ictimaiyyət, dövlət qurumları və AFFA tərəfindən müsbət qiymətləndirilir. Lakin Lənkəranda adicə bir toplantı keçirə bilmirik. Bu çox təəssüf doğuran bir vəziyyətdir və belə münasibət davam edərsə, “Xan Lənkəran” PFK komanda şəkilində Bakıda məskunlaşmağa, oyunlarını Bakıda keçirməyə məcbur olacaq.

“Xan Lənkəran” PFK İdarə Heyyəti