“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”ə qarşı ev oyunuöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.com-un məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə sabah keçiriləcək matç barədə fikirlərini bildirdi...

- Yeni mövsümün başlaması münasibəti ilə çox xoşbəxtik. İlk oyun çox vacibdi. Rəqimiz çox güclü komandadı, oyuna yaxşı hazırlaşıblar. Biz də son ayı boş keçirməmişik. Oyunçularımız da ilk matç üçün hazırdı.

- Sabahkı oyun üçün start heyətini müəyyənləşdirmisiniz?
- İlk oyun hamı üçün vacibdi. Heyət haqda onu deyə bilərəm ki, hər iki komanda 11 nəfərlə oynayacaq (gülür).

- Yoldaşlıq matçlarında əldə olunan müsbət nəticələr “Uypeşt”lə qarşılaşmada komandaya müsbət təsir edəcək, yoxsa əksinə?
- Nəticə hər zaman vacibdi. Lakin yoldaşlıq matçlarında əsas fiziki hazırlıq və futbolçuların bir-birlərini tanımalarıdı. Düzdü, qələb hər zaman qələbə gətirir.

- II təsnifat mərhələsində “Sevilya” ilə qarşılaşacağınızı nəzərə alsaq, yoldaşlıq görüşləri üçün daha güclü rəqiblərlə qüvvənizi sınamaq daha düzgün olmazdı?
- Yenə deyirəm, yoldaşlıq matçları fiziki hazırlıq üçün önəmlidi. Əsas odu ki, bütün futbolçulara şans verdik. Digər tərəfdən, “Uypeşt”i keçməmiş “Sevilya” haqda düşünmək mənasızdı. Fiziki cəhətdən inkişaf etmişik. Lakin bu baxımdan 100 faiz hazır olduğumuzu demək olmaz. Bu məsələ mövsümün gedişində həllini tapacaq.

- Növbəti rəqibin “Sevilya” olması motivasiyanızı azaltmır ki?
- “Sevilya” haqda heç nə düşünmürük. Fikrimizi “Uypeşt”lə qarşıdakı iki görüşə yönəltmişik.

- “Neftçi”dəki gənc futbolçuların potensialı sizi nə dərəcədə qane edir?
- Əcnəbi futbolçular yerlilərlə yaxşı vəhdət təşkil ediblər. İnanıram ki, gənc oyunçular da əsas komandaya inteqrasiya edəcəklər. Gənclərimizdən razıyam. Onlar təcrübəli futbolçulardan çox şeylər öyrənəcəklər. Bəzən səhv də edəcəklər.

- Kvame Karikari hazırlığa gec qoşuldu. Onu sabah əsas heyətdə görə biləcəyik?
- Karikari xarizmatik və güclü oyunçudu. Onun potensialı oynamağa imkan verir. Lakin sabah kimin oynayıb-oynamayacağını son məşqimizdən sonra biləcəyik.

- İtaliyadan özünüzlə bir köməkçi gətirdiniz. Azərbaycanlılarla işləriniz necə gedir?
- İşlədiyim çox məşqçilər var. Lakin onlardan yalnız birini dəvət etmişəm. Yerli mütəxəssislərlə çalışmaq önəmlidi. Çünki onlar yerli futbolçuları daha yaxşı tanıyırlar.