reklam
İynə və sap

İynə və sap

Rəsul Şükürsoy

TARIX /

Bunu əvvəl də yazmışam, imkan düşdükcə təkrarlayıram ki, “Neftçi”də o klubun mahiyyətinə uyğun gəlməyən bir-iki nəfər var. Orta statistik azərbaycanlının tipik “evə çörək aparmaq” missiyası normal adam kimi tandığın kəsləri də məsələn, Tahir Süleymanovla iş yoldaşı edə bilir. Hətta bəzən fələyin çarxı hər şeyi o qədər alt-üst qoyur ki, normal adamlar nəinki süleymanovlarla iş yoldaşı olur, onun rəhbərliyi altında  işləyirlər. Bəli, belələri var “Neftçi”də. Vicdanlı adam kimi tanımışıq. Nə yazıq ki, gördüyü işdən, iş yerinin xarakterindən utana-utana, xəcalət çəkə-çəkə, vicdan əzabı içində yaşayırlar. Azərbaycansayağı desək, “başlarını girəliyirlər”, “dolanırlar”. Əvəzedicilər arasında keçirilən Premyer Liqa yarışının 29-cu turuna qədər “Neftçi”də ikinci komandaya  rəhbərlik edən Asim İbrahimov o bir-iki adamın sırasında da deyildi. O tamam başqacür adamdı...

Asim İbrahimovu bu ölkədə bəlkə də çox az futbol adamı, futbolsevər tanıyır. Günümüzün reallığını nəzərə alsaq, burda təəccüblü heçnə yoxdu və bu məşqçi Azərbaycanda çox ehtimal ki, hazırki statusu potensialı ilə uyğun gəlməyən yeganə adam deyil. “Neftçi”nin əvəzedici heyətini iddiası ilə qəbul etmişdi. Həmin dövrdə komandanın baş məşqçisi Böyükağa Hacıyev deyildi. Bunu ona görə yazıram ki, əgər Hacıyev əsas komandanın rəhbər postunda olsaydı İsmayılovun insani keyfiyyətləri iddialarının üzərinə çıxacaqdı. O, “Neftçi”nin əsas komandasına baş məşqçi təyin olunmaq perspektivindən köhnə azərbaycanlı mentallığına görə imtina edəcəydi, əvəzediciləri götürməyəcəydi. Hacıyevlə haqq-salam var, onu tapdalamaq olmaz. “Neftçi”dən az əvvəl saxta bəhanələrlə uzaqlaşdırılan İbrahimovun “Böyükağa, səndəmi” sualına, Hacıyev öz kimliyinə uyğun “indi hamı öz milçəyini uçurmalıdı, Asim” cavabı ümumi sonluğu biraz da dramatik etdi. Əminəm ki, həmin Hacıyevi mənim tanıdığım Asim İbrahimov bundan sonra baş vermək ehtimalı olan 5 oxşar situasiyada da iddialarına yem eləməz. Gəl ki, ortada olan reallıq Böyükağa Hacıyevi hələ də “Neftçi”nin baş məşqçisi, Asim İbrahimovu isə işsiz məşqçi edir.

Açığı mənə “Neftçi” haqda yazmaq əslində üslub rəngarəngliyi baxımından ciddi çətinlik yaradır. Məsələn, bir yazı da “Neftçi”nin adına “flaqman”, “çempion” və.s. kimi sinonimlər tapmaq oxucu rahatlığı üçündür, bunu anlayıram. Lakin müasir “Neftçi”yə nə “flaqman”, nə “çempion” nə də buna oxşar bənzətmələri uzun müddətdi ki, yaraşdıra bilmirəm. Biz yazıda maksimum səmimi olmaq məcburiyyətindəyik.

...Asim İbrahimovun “Neftçi”nin ikinci komandasından uzaqlaşdırılacağı, yerinə əvvəlki məşqçi Elşad Əhəmədovun gətirələcəyi dedi-qodusu çoxdan dolaşırdı. Sən demə plan, bakılıların bazasında incə-incə toxunurmuş. İbrahimovun işinə müdaxilə edilməsini sevməyən tip olduğunu bilən rəhbərlik əvvəlcə dolayı yolla ona çatdırırlar ki, “Mil-Muğan”dan alınan futbolçu təcili komandadan uzaqlaşdırılmalıdı... Baş məşqçi buna sərt etiraz edir. Ardınca Tahir Süleymanov İbrahimova şirin dillə başa salmağa çalışır ki, bundan sonra qərarları bir yerdə verəcəklər. Bura əsas komandada olduğu kimi, oyunlara çıxan heyyətdən tutmuş, hazırlıq planının incəliklərinə qədər, hər şey daxildi. Rədd cavabının veriləcəyi məlum idi. Nəticədə həmin “Mil-Muğan”dan transfer olunmuş uşaq provokasiyaya çəkilir, intizamsızlığa yol verdiyi bəhanəsi ilə İbrahimovun istefa ərizəsi yazmasına nail olunur. Baş məşqçi ərizəni yazmazdan əvvəl Sadıq Sadıqovla görüşmək istədiyini bildirsə də, bu görüş təşkil olunmur. Bütün bunlar İbrahimovla söhbətdə eşitdiklərim və qələmə almaq üçün icazəsi alınmış olan faktlardı.

İndi sizə Asim müəllimdən eşitmədiyim, ancaq dəqiq bildiyim başqa faktı deyəcəyəm. Daha faciəvisi odu ki, komandaya yeni təyinat alan Elşad Əhmədov seçimini uğurlu addım kimi göstərmək istəyən “Neftçi” rəhbərliyi növbəti “Xəzər-Lənkəran” oyununun hakimlərini alır. Hər dəmdə futbol idarəçiliyi qabiliyyətindən pafos püsgürən Süleymanov İbrahimovun uzaqlaşdırılma planına “tikiş atarkən” də hansısa uğursuzluqdan, nəticəsizlikdən danışırmış. Ancaq əvəzedici komanda təkcə qış hazırlığında “Neftçi”nin Antalya toplanışı üçün 7 futbolçu hazırlamışdı. Ki, onlar da Antalyada səhv məşq proqramı ucbatından zədəli, biabırçı hazırlıq səviyyəsində qayıtmışdılar. İkincisi, görəsən, Tahir Süleymanov vəzifəsi əsas komanda üçün oyunçu yetişdirmək olan mexanizmdən medallar gözləmək avantürasını dünyanın hansı futbol pedaqoqikasından götürübmüş?! Bir nidalı sual da faciə sayılan fakt haqda. Görəsən, hakimi alınmış oyunlarda futbolçu yetişdirən “Neftçi” rəhbərliyi hansı keyfiyyət göstəriciləri vəd edir?!

...Elşad Əhmədovun əvvəki baş məşqçilik dönəmində futbolçuların maaş kartları məşqçilər korpusu tərəfindən yığılıb saxlanır, maaş vaxtı gələndə isə həmin məşqçilər pulları çıxarıb oyunçulara fərqli məbləğlərlə paylayırmış. Asim İbrahimovun təyinatdan sonrakı ilk işi həmin maaş kartlarını toplayıb futbolçulara paylamaq olub. İndi belə çıxır ki, Əhmədovu min cür fitnə-fəsad ilə yenidən qaytaran “Neftçi” rəhbərliyinin həmin kart haqq-hesabı ilə ortaqlığı var.

Mən Tahir Süleymanovla, “Neftçi” yə rəhbərlik edən digərləri ilə, heç Böyükağa Hacıyev ilə də düşmən olmaq istəmirəm. Qoy biz məclislərdə səmimi görüşək, xeyir işlərdə bir-birimizi yad etməkdə olaq. Ancaq haqq yeməyək də. Haqq yeyəndə də, onu qusmağı bacaraq... Lazımdısa, bunun üçün barmağımızı bir-birimizin qırtlağına soxaq, ancaq qaytaraq yediyimiz haqqı.

...Asim İbrahimovun sadəlövhlüyü isə ondadı ki, o hələ də Sadıq Sadıqovun “Neftçi”də onun başına açılan oyunlardan xəbərdar olmadığına inanır.